Göyçay rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib. ATİAHİ Göyçay rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə şəhid ailələri, qazilər, veteranlar iştirak ediblər.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətindən, diplomatik bacarığından, sərkərdəlik məharətindən, əsgər və zabitlərimizin rəşadətindən, döyüş ruhundan, hazırda Şərqi Zəngəzurda və Qarabağda aparılan tikinti-quruculuq işlərindən danışılıb. Rayon komitəsinin sədri Talihə Cəfərova bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Qazilər və veteranlar keçdikləri döyüş yolundan, zabitlərimizin peşəkarlığından, əsgərlərimizin vətənpərvərliyindən, erməni əsgərlərinin döyüş meydançasından qaçmasından, həmçinin parlaq Zəfərin əzəmətindən bəhs ediblər.
Qeyd edək ki, Zəfər bayramı ilə əlaqədar 200-ə yaxın şəhid ailəsinə və qaziyə mükafatlar verilib.