Göyçayda şəhidin anım mərasimi keçirilib
 



Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Göyçay rayonunun Çərəcə kənd sakini Paşa Salmanovun anım mərasimi keçirilib.

Tədbirdə ATİAHİ Göyçay rayon komitəsinin əməkdaşları iştirak ediblər. Komitənin sədri T.Cəfərova çıxışında dövlətimizin və ictimai qurumların şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz ən müasir protezlərlə təmin olunub: “Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Onlara dövlət tərəfindən mənzillər və minik avtomobilləri verilir.  Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir”.

Komitə sədri əlavə edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin göstərişinə üyğun olaraq, ölkəmizin bütün həmkarlar ittifaqları şəhid ailələrinə, qazilərə xüsusi qayğı ilə yanaşır, maddi-mənəvi dəstək göstərir. 

Şəhidin anası Ulduzə Salmanova hər zaman oğlu ilə fəxr etdiyini qeyd edib. O, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo