AHİK sədri Səttar Möhbalıyev Azərbaycan müəllimlərini təbrik edib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan müəllimlərini təbrik edib.

Təbrikdə AHİK sədri mənalı ömrünü ölkəmizin parlaq gələcəyi naminə bu peşəyə həsr edən ziyalılarımıza şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev həmişə müəllim adının ucalığını, nüfuz və hörmətini yüksək qiymətləndirib, təhsilin inkişafı üçün lazım olan bütün zəruri tədbirlərin həyata keçirilməsini, müəllimlərin sosial rifah halının yaxşılaşdırılmasını diqqətdə saxlayıb. S.Möhbalıyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil islahatları, maddi-texniki bazanın möhkəmləndirilməsi, göstərilən hərtərəfli diqqət və qayğı öz bəhrəsini verməkdədir. Onun sözlərinə görə, bu gün respublikada təhsilin müasirləşdirilməsi, kadr hazırlığı, dünya təcrübəsinin mənimsənilməsi kimi məsələlər diqqət mərkəzindədir.

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ölkə ərazisində tikilib istifadəyə verilən müasir məktəblər, yeni təhsil kompleksləri tədrisin səviyyəsinin yüksəlməsinə münbit zəmin yaradıb və bu sahədə görülən tədbirlər ali, orta və peşə təhsilinin beynəlxalq standartlar səviyyəsinə çatdırılmasında öz müsbət nəticələrini verməkdədir.

S.Möhbalıyev əlavə edib ki, sahə həmkarlar ittifaqı ilə birgə görülən işlər müəllimlərin sosial-iqtisadi problemlərinin həllinə, onların əmək şəraitinin yaxşılaşdırılmasına, asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkilinə yönəlib. O, əmin olduğunu bildirib ki, müəllim adı bundan sonra da hörmətlə çəkiləcək, cəmiyyətimizdə böyük nüfuz və hörmət sahibi olacaqdır.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo